Brand: Acıq Plartorma
Director: Gumru Aliyeva
Illustrator: Mikail Erdem Biçici
Azərbaycanda qadınlar, demək olar ki, hər məsələdə diskriminasiyaya məruz qalırlar. Onlara nə düşünməli, nəyə qərar verməli, hansı formada geyinməli olduqlarını aşılamağa çalışırlar. Bu vəziyyətdə qadının özünə inamını zəifləyir, hətta bir çox qadın emosional paradoksun içinə düşür. Qadınlara necə yaşamalı olduqlarını diktə etmək istənilən halda qəbuledilməzdir və belə davranan şəxsləri mütləq şəkildə həyatımızdan çıxarmaq lazımdır.
Bir çox "Qeydiyyatçı" kimi vakansiyalarda qadın namizəd, xüsusən də baxımlı birinin axtarışını az görmüş olmazsınız. Hətta bəzi vakansiyalar boy və yaş kimi xüsusi limit qoyaraq namizədləri ayrı-seçkiliyə məruz qoyur. Qeyd etmək istərdik ki, qanunvericilikdə bu, bir pozuntudur və o cür vakansiyalardan uzaq gəzməyiniz daha məqsədə uyğundur.
Qadınlara qarşı edilən iqtisadi zorakılıq, əsasən, cəmiyyətin patriarxal dəyərləri və kompleksləri nəticəsində ortaya çıxır. Məsələn, qadının həyat yoldaşından çox maaş alması yanlış bir hal kimi dəyərləndirilir. Hətta xüsusilə, bəzi kişilər bu halda qərəzli davranaraq özlərindən daha yüksək maaş alan partnyora psixoloji zorakılıq edirlər. Bu cür toksik maskulin komplekslər qadınların iqtisadi həyatına ziyan vurmaqdan başqa heç bir işə yaramır.
Bir çoxları düşünür ki, əgər qadın işləyirsə, artıq daha azad və müstəqildir. Lakin təəssüf ki, bir çox Azərbaycan ailələrində işləyən qadınların yükü daha çox olur: onlar həm korporativ mühitdə, həm də evdə işləmiş olurlar. Bu vəziyyətdə isə kişi ilə qadın arasında evlə bağlı iş bölgüsü bərabər formada bölünmədiyindən, bir çox ev işi sadəcə qadınların “işinə” çevrilir, hətta qadınların işə gecikməsinə və ya işə getməmələrinə səbəb olurlar. Beləliklə, gələcəkdə qadınlar seçim arasında qalmış olur, çox zaman da işlərini itirmiş olurlar.
Azərbaycanda qadınlar iqtisadi zorakılığın müxtəlif növlərinə məruz qalır. Bunlardan biri də məcburi kredit götürmədir. Partnyorları onların adına kredit götürüb öz şəxsi xərclərini və borclarını ödəyərək qadınları kredit yükünə salır və krediti onlar tərəfindən ödənməsinə məcbur edirlər. İllüstrasiyadan da göründüyü kimi bu, əsasən işləyən qadınların başına gələn bir haldır.
Qadınların yaşadığı iqtisadi problemlərdən biri də işə qəbul zamanı onların qarşısına qoyulan məhdudiyyətlərlə bağlıdır. Müəssisələr çox zaman evli və ya hamilə qadınları işə götürməkdən imtina edirlər. Bunun səbəbi isə analıq məzuniyyətinə çıxan qadınlara ödəniş etməkdən boyun qaçırmalarıdır. Halbuki, bu, qeyri-qanuni bir addımdır. Həmçinin, bu cür tələblər ana olmaq istəyən qadınların karyerasına da mane olur və onların iqtisadi azadlığını əlindən alır.
Azərbaycanlı qadınlar həyat boyu bir çox iqtisadi maneələrlə üzləşirlər. Günümüzdə hər nə qədər işləyən qadınların azad olduğu düşünülsə də, əslində, vəziyyət heç də belə deyil. Ailə daxilində həyat yoldaşı tərəfindən maaşı əlindən alınan, öz qazandığı pulu rahatca xərcləyə bilməyən çox sayda qadın var. Üstəlik, məişətdə bu cür davranan kişilər bunu “ailə büdcəsi” qurmaq üçün etdiyini iddia edirlər. Halbuki, ailə büdcəsi ilə iqtisadi zorakılıq eyniləşdirilə bilməz.
Azərbaycanda iş elanlarına baxdığımız zaman qadınların məruz qaldığı iqtisadi zorakılıq barədə az-çox təsəvvürümüz yaranır. Lakin iş şəraitində bu vəziyyət daha da acınacaqlıdır. Bu mövzudakı problemlərdən biri də qadınlara iş mühitində iş bölgüsünə aid olmayan vəzifələr yükləməkdir. Məsələn, çay vermək, ortalığı yığışdırmaq kimi fərdi işləri görə bilməyən rəhbərlər qadın işçilərdən bunu ciddi şəkildə tələb edirlər. Qadınlar bunları etmədikdə isə bir çox tənqid və istehza ilə üzləşirlər və işlərini itirməmək üçün məcburən bu cür əlavə xidmətlər göstərməli olurlar. Halbuki bu, qadınların iş hüququna zidd olmaqla birlikdə, çox qeyri-professional və iş etikasından kənar bir davranışdır.
Gender bərabərliyindən danışarkən çox zaman qadınların hüquq bərabərliyi üçün “müəyyən səbəblər” irəli sürülür. Bu səbəblər, adətən, qadınların cəmiyyətdəki rolları ilə əlaqədar olur. Ancaq qadınların hüquqları onların ana, bacı, övlad olmasından asılı olmamalıdır. Bütün bu rollara sahib olan və ya olmayan bütün qadınların hüquqları kişilərlə bərabərdir.
Geyimlə bağlı stereotiplər əsrlərlə hər cəmiyyətdə ön planda olub. Lakin bəzi cəmiyyətlərdə, həmçinin Azərbaycanda bu problem hələ də qabarıq şəkildə özünü göstərir. Geyimə görə kiməsə konkret bir xarakter təyin etmək, xüsusilə də qadınları geyimlərinə görə kateqoriyalara bölmək sıx rast gəlinən haldır. Belə olduqda öz istədiyi kimi rahat geyinən bir qadın hər cür etiketə məruz qala bilir. Bu isə olduqca qeyri-etik və geridə qalmış bir düşüncə tərzidir.
Azərbaycan ailəsində qadının əmlakı, hətta qır-qızılı bəzən ərləri tərəfindən sahiblənərək məhz öz xərclərini qarşılamaq məqsədilə icazəsiz şəkildə satılır, verilir, lombarda qoyulur. Qadınların isə bu halda heç bir söz sahibi olma haqqı olmur.
Cəmiyyətin qadınları bir-biriləri ilə müqayisə edib, sonra da “qadın qadının düşmənidir” deməsi artıq hər birimizə tanışdır. Ancaq bunun psixoloji zorakılığa çevrildiyini qəbul etmək lazımdır. Bir insanı digəri ilə müqayisə etmək onun özünə olan inamını və gücünü tükədir. Heç bir qadının digərindən “daha yaxşı” olmaq kimi bir borcu yoxdur.
Ölkəmizdə hicablı qadınlarla bağlı formalaşan yanlış bir düşüncə tərzi var. Bir çox insan inanır ki, hicablı bir qadın modern düşüncələrə sahib ola bilməz. Halbuki insanları dini inancına görə ayırmaq, onlara öncədən rollar yükləmək, onlar üçün “səmimiyyət meyarları” təyin etmək obyektiv deyil. Unutmamalıyıq ki, qadınlar öz dini inancları, həyat prinsipləri daxilində istədikləri kimi düşünə və yaşaya bilərlər. 
Kiber qısnama artıq bir çox insanın məruz qaldığı, psixoloji zorakılıq kimi qəbul edilən bir reallıqdır. Bu halda partnyorlardan biri digərini sosial media vasitəsilə narahat edir, tez-tez yazmaqla və ya təhdid etməklə “geri qazanmağa” çalışır. İllüstrasiyadan da göründüyü kimi, belə zorakı şəxslər yeni profillərlə davamlı olaraq qarşı tərəfə hücum etməkdən çəkinmirlər. Bu cür davranışlar heç bir halda “sevgi nümayişi” kimi qələmə verilə bilməz.
Patriarxal cəmiyyətlərdə peşə seçimi zamanı gender rolları ciddi rol oynayır. Məsələn, mühəndis, hüquqşünas, polis peşəsinin kişiyə, müəllim, həkim, tərcüməçi kimi peşələrin isə daha çox qadınlara uyğun hesab edilməsi kimi yalnış düşüncələr var. Ən pisi isə budur ki, Azərbaycanda şagirdlər onsuz da cəmi 17 yaşında həyatı boyu daşıyacağı peşəni seçmək məcburiyyətində qalarkən, üstəlik bir də ailələrinin istədiyi, “cinslərinə uyğun” peşəni seçməyə məcbur edilirlər. Qadınların öz iqtisadi azadlıqlarını belə çərçivələr daxilində qazanmağa məcbur olunması qəbuledilməzdir. Hər kəs cəmiyyətin və ya ailənin təzyiqi olmadan öz peşəsini seçə bilməlidir. 
Acıq Platforma
Published:

Owner

Acıq Platforma

Published: